Artroz

Artroz patoloji, radioloji və ya kliniki olaraq oynaq qığırdağının degenerasiyası sonrasında əmələ gələn eroziya, qığırdaq dağılması, sümük kənarlarında ostefitlər, subxondral skleroz və kistalar ilə birlikdə sinovya və oynaq kapsulunda meydana gələn biokimyəvi və morfoloji dəyişikliklərlə xarakterizə olunan xroniki xəstəlikdir. Artroz zamanı patoloji proses yalnız qığırdağı deyil, həm də qonşu anatomik strukturları (kapsul, bağlar, sinovial qişa, qığırdağın altında yerləşən sümük strukturları və oynaqətrafı əzələlər) da əhatə edir.

ARTROZ HANSI SƏBƏBLƏRDƏN YARANIR?

Bir çox hallarda xəstəlik heç bir səbəb olmadan inkişaf edir; belə patologiya idiopatik və ya birincili artroz olaraq adlandırılır. Bununla yanaşı, hər hansı bir patoloji proses nəticəsində inkişaf edən ikincili artrozlar da var. İkincili artrozun daha geniş yayılmış səbəbləri aşağıdakılardır:

  • Travmalar (sınıqlar, menisk zədələnməsi, bağların cırılması, çıxıqlar və s.).
  • Displaziyalar (bud-çanaq oynağı, diz, aşıq-baldır və yuxarı ətraf oynaqlarının anadangəlmə anormallıqları).
  • Metabolizmanın pozulması.
  • Autoimmun xəstəliklər (revmatoid artrit, sistemli qırmızı qurdeşənəyi və s.).
  • Qeyri-spesifik iltihab (kəskin irinli artrit).
  • Spesifik iltihab (vərəm, gənə, qonoreya, sifilis).
  • Bəzi endokrin xəstəliklər.
  • Degenerativ-distrofik proseslər (Perthes xəstəliyi və başqa osteoxondropatiyalar).
  • Oynaqların hərəki aktivliyi yüksək, bağ aparatı isə zəif olan xəstəliklər.
  • Qan xəstəlikləri: oynaqlara qan sızma ilə müşayiət olunan hemofiliya vs.

ARTROZ İLƏ BAĞLI RİSK FAKTORLARI:

  • Yaş (60 yaşdan yuxarı).
  • Artıq çəki (bunun nəticəsində oynaqlar daim yüklənir, oynaq səthi vaxtından əvvəl aşınır).
  • Oynaqların və ya müəyyən oynağın həddən artıq yüklənməsi. Bu, əmək şəraiti, məşqlərin qeyri-düzgün təşkili (xüsusən anamnezdə oynaq travmaları olduqda), bəzi xəstəliklər, həmçinin travmaların nəticəsi (məs., axsaqlıq nəticəsində sağlam ayağın, əsadan istifadə olunduqda isə qolların həddən artıq yüklənməsi) ilə əlaqədar ola bilər.
  • Oynaqlara cərrahi müdaxilə.
  • İrsi meyillik (yaxın qohumlarda artrozun olması).
  • Postmenopauzal dövrdə qadınlarda endokrin balansın pozulması.
  • Mikroelement çatmamazlığı.
  • Onurğanın boyun və ya bel nahiyyəsinin neyrodistrofik xəstəlikləri (bazu-kürək periartriti, qalça-bel əzələsi sindromu).
  • Toksik maddələrin təsiri.
  • Əlverişsiz ekoloji şərait.
  • Oynaqların təkrarlanan mikrotravmaları.

PATOGENEZ

Artroz əsasında konkret səbəbindən asılı olmayaraq qığırdaq toxumasının pozulması duran çox etiologiyalı xəstəlikdir. Normada oynaq qığırdağı hamar və elastikdir. Bu, oynaq səthinə sərbəst hərəkət etməyə, lazımi amortizasiyanı təmin etməyə; beləliklə, ətrafındakı strukturların (sümüklər, bağlar, əzələlər və kapsul) yüklənməsinin azalmasına imkan verir.

Artroz zamanı qığırdaq kobudlaşır, hərəkətlə oynaq səthləri bir-birinə “toxunur”, qıığırdaq zamanla incəlir. Qığırdağın kənar hissələrində kiçik kalsifikasiya ocaqları əmələ gəlir. Qığırdağın altındakı sahələrdə sümükləşmə (subxondral skleroz) görülür. Mərkəzi nahiyədə oynaq boşluğu ilə əlaqələnən kistalar yaranır; kistaların ətrafında da oynaqdaxili mayenin təzyiqi nəticəsində sümükləşmə formalaşır. Artroz zamanı oynaq kapsulu və sinovial maye daimi zədələnmə nəticəsində qalınlaşır. Sinovial qişada xovlar, kapsulda isə fibroz ocaqlar formalaşır. Zaman keçdikcə qığırdağın nazikləşməsi, forma və funksiyalarının pozulması nəticəsində ətrafda yerləşən sümük səthləri deformasiyaya məruz qalır, onların kənarlarında sümük çıxıntıları (osteofitlər) əmələ gəlir. Bağlara və əzələlərə düşən yükün artması nəticəsində fibroz ocaqlar əmələ gəlir. Bağ-əzələ aparatının zədələnmə (burxulma, qismən və ya tam cırılması) ehtimalı artır, bəzən oynaq yarım-çıxıq vəziyyətinə keçir. Qığırdaq zədələnməsi artdıqca hərəkət kəskin məhdudlaşır, zamanla oynağın bitişməsi (ankilozu) görülür.

TƏSNİFAT

Lokalizasiyasına görə bazu, dirsək, mil-bilək, bud-çanaq, diz, aşıq-baldır və başqa oynaqların artrozları ayırd edilir. Zədələnmənin ağırlığından aslı olaraq patologiya üç mərhələyə bölünür:

1 – nəzərə çarpan morfoloji dəyişikliklər aşkar olunmur; yalnız sinovial mayenin tərkibi pozulur. Maye tərəfindən qığırdaq toxumasının lazımi maddələrlə qidalandırılması zəifləyir; adi yüklənmələr zamanı qığırdağın müqaviməti azalır. Oynaq səthlərinin yüklənməsi nəticəsində inflamasiya yaranır, ağrılar əmələ gəlir.
2 – oynaq qığırdağı parçalanmağa başlayır, oynaq sahəsinin kənarlarında sümük çıxıntılar əmələ gəlir. Ağrılar daimi xarakter alır; iltihabi proses bəzən sönür, bəzən güclənir. Oynaqətrafı əzələlərin funksiyalarının zəif və ya mülayim pozulması qeyd olunur.
3 – oynaq qığırdağı nazikləşir, geniş parçalanma ocaqları görülür. Oynaq sahəsində ciddi deformasiyalar, ətrafların anatomik oxlarının dəyişilməsi qeyd olunur, bağlar qısalır və zəif olur, beləliklə, oynaqların patoloji hərəkətliliyi, təbii hərəkət həcminin məhdudlaşması baş verir. Oynaqətrafı əzələlər gərgin və ya qısalmış, yığılma qabiliyyəti zəifləmişdir. Oynaqların və ətraf toxumaların qidalanması pozulmuşdur.

Diz oynağının deformasiyaedici artrozu

ARTROZUN ƏLAMƏTLƏRİ HANSILARDIR?

Artroz tədricən inkişaf edir. Başlanğıcda pasiyentləri zəif, qısamüddətli, naməlum lokalizasiyalı, fiziki yüklənmə zamanı güclənən ağrılar narahat edir. Bəzi kliniki hallarda ilk simptom hərəkət zamanı, daha çox qonartrozlarda və çiyin oynağının artozlarında oynaqda küylər olur. Artrozdan əziyyət çəkən bir çox xəstələr oynaqda narahatlıq, istirahətdən sonra ilk hərəkət zamanı müvəqqəti sərtlik qeyd edirlər. Zaman keçdikcə ağrılar daha da artır, hərəkət genişliyi nəzərə çarpan dərəcədə məhdudlaşır. Aşağı ətraflarda əlavə yüklənmə səbəbindən əks tərəfin oynağı ağrımağa başlayır.

DİAQNOZ

Diaqnoz xarakteristik klinik əlamətlər və artrozun rentgenoloji görüntüsünə əsasən qoyulur. Rentgenlər mütləq ayaqüstə çəkilməlidir. Artrozun rentgenoloji görüntüsü oynaq qığırdağı və qığırdağın altında yerləşmiş sümük toxumasında distrofik dəyişikliklərlə əks olunur. Oynaq yarığı daralmış, sümük sahəsi deformasiyalı və qalınlaşmışdır; kistaya bənzər törəmə, subxondrial osteoskleroz və osteofitlər aşkar olunur. Bəzi klinik hallarda oynağın qeyri-stabillik əlamətləri – ətraf oxlarının əyilməsi, yarımçıxıqlar müşahidə olunur.

Koksartroz və Qonartrozun rentgenoloji görüntüləri

Artrozun kliniki təzahürünün ağırlıq dərəcəsi xəstəliyin rentgenoloji əlamətləri ilə hər zaman korrelyasiyalı olmur. Lakin müəyyən qanunauyğunluqlar mövcuddur. Belə ki, osteofitlər xəstəliyin erkən mərhələsində meydana çıxır və artrozun ilk rentgenoloji əlamətidir. Artroz başlanğıcında oynaq səthlərinin kənarları kəskinləşir; xəstəliyin inkişafına müvafiq olaraq daha da qalınlaşır, tədricən sümüklərin tikanları və çıxıntıları əmələ gəlir. Qığırdaq yarığı daha sonra daralır. Bu zaman oynaq yarığının qeyri-stabilliyi səbəbindən pazvari forma ala bilər. Təxminən elə həmin vaxtda sümüyün qığırdaqaltı sahəsində osteoskleroz inkişaf edir; oynaq yaxınlığındakı sümük toxumasında kistaya bənzər törəmələr əmələ gəlir. Rentgenoloji əlamətlərə əsasən artrozun aşağıdakı mərhələləri (Kellgren-Lawrence təsnifatı) vardır:

1-ci mərhələ (şübhəli artroz) – oynaq yarığının daralması ehtimalı, osteofitlər olmur və ya az miqdarda olur.
2-ci mərhələ (yumşaq artroz) – oynaq yarığının daralması ehtimalı, osteofitlər aydın təyin olunur.
3-cü mərhələ (mülayim artroz) – oynaq yarığının aşkar daralması qeyd olunur, osteofitlər aydın nəzərə çarpır, sümük deformasiyaları mümkündür.
4-cü mərhələ (ağır artroz) – oynaq yarığının xeyli daralması, iri osteofitlər, aydın nəzərə çarpan sümük deformasiyaları və osteoskleroz aşkarlanır.

Bəzən rentgenoloji şəkillər oynağın vəziyyətini dəqiq qiymətləndirməyə kifayət etmir. Sümük strukturlarının müəyyənləşdirilməsi məqsədilə oynaqların KT-sı, yumşaq toxumaların dəyərləndirilməsində oynaqların MRТ müayinəsi ilə həyata keçirilir.

MRT müayinəsi

ARTROZUN MÜALİCƏSİ

Konservativ müalicə

  • Qeyri-steroid iltihab əleyhinə preparatlar
  • Xondroprotektorlar
  • Oynaqdaxili inyeksiyalar; Oynaqdaxili steroid inyeksiyaları
  • Fizioterapiya

Cərrahi müalicə

Sümük yönləndirmə əməliyyatları

Məqsəd oynağın sıradan çıxmış bölgəsinə düşən yükü aradan qaldıraraq, yükü sağlam tərəfə yönəltməkdir. Bunun üçün sümük kəsilərək düzəldilir, uyğun bucağa gətirilir və metal lövhə və ya xarici fiksatorla fiksasiya edilir. Bu əməliyyatdan sonra xəstələr 5-7 il ağrıdan azad ola bilər.

Oynağın bağlanması (artrodez)

Bu əməliyyat zamanı oynağı təşkil edən qığırdaq səthləri kəsilərək götürülür və sümüklər bir-biri ilə, uc-uca gətirilərək müxtəlif metodlarla fiksasiya olunur. Bu əməliyyatdan sonra xəstələrin ağrıları aradan qalxır lakin bağlanmış oynaqda hərəkət olmur.

Yeniliklərə Abunə Ol!

Dərc olunmuş yeni məqalədən ilk sən xəbərdar ol.

Məmnunluq anketi

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

everything's where you left it.

TİBBİ XİDMƏTİ EVİNİZƏ ÇAĞIRIN!