Serebral iflic

Uşaq serebral iflici termini ilk dəfə 1893-cü ildə məşhur alman psixoanalitik Ziqmund Freyd tərəfindən təklif edilmişdir.

Uşaq Serebral İflici baş beynin doğuşdan əvvəlki, doğuş zamanı və ya doğuşdan sonrakı dövrlərdə müxtəlif səbəblərdən zədələnməsi nəticəsində əmələ gələn, adətən erkən uşaqlıq dövründə aşkarlanan və hərəki pozğunluqlarla: ifliclər, əzələ zəifliyi, koordinasiya pozğunluqları, qeyri-iradi hərəkətlərlə xarakterizə olunan bir haldır.

Beyinin zədələnmə dərəcəsindən asılı olaraq meydana çıxan simptomların ifadə dərəcəsi də müxtəlif olur: yüngül, zəif nəzərə çarpan və ya çox ağır, tam əlilliyə gətirib çıxaran zədələnmələrə qədər.

Bu uşaqlarda epileptik tutmalar, psixi inkişaf ləngiməsi, qavrama və öyrənmə çətinlikləri, görmə, eşitmə, nitq, intellekt pozğunluqları da müşahidə oluna bilər. Baxmayaraq ki, serebral iflicli uşaq çox zaman əqli inkişafdan geri qalmış uşaq kimi təəsurat yaradır, bu heç də həmişə həqiqətə uyğun olmur.

Serebral iflicə oxşar vəziyyətlər istənilən yaşda keçirilmiş infeksion xəstəlikdən, insultdan və yaxud kəllə-beyin travmasından sonra əmələ gələ bilər.

Ziqmund Freyd tərəfindən təklif edilmiş nəzəriyyəyə görə uşaqda beynin zədələnməsi bətndaxili dövrdə baş verir. Digər alim – Uilyam Littl isə israr edirdi ki, zədələnmə doğuş prosesində baş verir və serebral iflic doğuş zamanı uşağın beynində oksigenin çatışmazlığının nəticəsi olur.

Lakin məlumdur ki, yenidoğulmuş uşaqlar oksigen defisitini daha yüngül keçirir və doğuş yollarından keçməsi bir qədər travmatik olsa da, adətən beyinin zədələnməsinə səbəb olmur.

Beləliklə, uşaq serebral iflicin inkişaf etmə səbəbi tibbdə hələ ki dəqiq məlum deyil.

Son zamanlar alman nevroloqların geniş elmi tədqiqatlar zamanı məlum olub ki, serebral iflicin inkişafına irsiyyət də müəyyən təsir edir. Belə ki, araşdırmalar zamanı aşkar olunub ki, ailədə serebaral iflic halların olması bu ailənin digər nəsillərində bu pozulmanın inkişaf etmə riskini artırır.

Hal-hazırda serebral iflicin risk faktorları aşağıdakılar hesab olunur:

  1. Hamiləlik dövründə:

  • Hamiləlik zamanı ananın infeksion xəstəliklərə tutulması (məs. məxmərək, herpes, sitomeqalovirus, toksoplazmoz və s)
  • Rezus-konflikt
  • Anada olan bəzi xəstəliklər və pozulmalar (şəkərli diabet, hamiləlik toksikozu, preeklampsiya, qanaxmalar, anemiya, stress, pis qidalanma – vitamin və mikroelementlərin çatmamazlığı)
  • Ananın zərərli vərdişləri (narkomaniya, siqaretçəkmə, alkoqoldan istifadə)
  • Ananın yaş faktoru (18-dən aşağı, 35-dən yuxarı)

2. Doğuş zamanı:

  • Dölün asfiksiyası (boğulması)
  • Doğuş travmaları
  • Vaxtından əvvəl doğuşlar
  • Gecikmiş doguşlar
  1. Doguşdan sonra:
  • İnfeksiya və ya susuzlaşma nəticəsində yüksək bədən hərarətinin beyinə təsiri
  • Beyin infeksiyaları
  • Suda boğulma, qazdan zəhərlənmə və digər səbəblərdən baş verən oksigen çatmamazlığı
  • Beyin travmaları
  • Beyinə qansızma
  • Məişət zəhərlənmələri
  • Beyində şişlərin olması

Serebral iflic hallarının 30%-nin səbəbi məlum deyil.

İnkişaf etmiş ölkələrdə 1000 yenidoğulmuş uşaqdan 2-5-də serebral iflic aşkarlanır. Hal hazırda bu pozulmanın artması tendensiyası müşahidə olunur.

Serebral iflicin formaları və klinikası:

USİ-nin klassifikasiyası hərəkət pozğunluqlarının xarakterinə və zədələnmənin əhatə dairəsinə əsaslanır.

Bu pozğunluqların aşağıdakı qrupları ayırd edilir:

  1. Spastiklik – əzələ tonusunun yüksəlməsi
  • monoplegiya– bir ətrafda təzahür olunan zədələnmə
  • hemiplegiya – bədənin birtərəfli zədələnməsi, əsasən bətndaxili olur, çox vaxt görmə, eşitmə, lamisə kimi funksiyaların və qavramanın pozulması da müşahidə olunur.
  • diplegiya (Littl sindromu) – hər iki ətrafda,ya yuxarı, ya aşağı ətraflarda təzahür olunan zədələnmə; adətən aşağı ətraflarda daha çox təzahür edir.
  • tetraplegiya – yuxarı və aşağı ətrafların ağır iflici; bu uşaqların əksəriyyətində dərin əqli gerilik, epilepsiya və zəifgörmə müşahidə olunur, ciddi inkişaf ləngiməsi ilə müşaiyət olunur.

70-80% hallarda spastik formaya rast gəlinir.

  1. Diskineziya – ətrafların, bədənin, üz əzələlərinin, dilin və udlağın qeyri-iradi, davamlı, əlaqələndirilməmiş müxtəlif hərəkətləri. Yuxu zamanı bu hərəkətlər müşahidə olunmur.
  2. Ataksiya (atonik-astatik forma) – tez-tez yıxılma ilə müşayiət olunan muvazinətin pozulması
  3. Qarışıq forma

Diaqnostika:

Laborator diaqnostikanın (qanın və sidiyin ümumi klinik analizləri) ancaq köməkçi vasitə kimi əhəmiyyəti var. Buna görə də USİ-nin profilaktikası məqsədilə hamilə qadınların müayinəsi və müşahidəsi ən vacibli tədbir hesab olunur.

Müalicə:

Uşaq serebral iflicin müalicəsi erkən dövrdə başlamalı və ömür boyu davam etməlidir. Uşaq həkimi, uşaq nevropatoloqu, müalicəvi idman həkimi və fizioterapevt, loqoped, psixoloq, ortoped və başqa mütəxəssislər birgə çalışaraq, belə xəstələri sözün əsl mənasında ayaga qaldırmalıdırlar.

Əsas müalicə fiziki və psixi funksiyaların məşqi yolu ilə nevroloji defektin azalmasına yönəlir. Məqsəd müalicəvi idman, fizioterapiya, massaj vasitəsi ilə uşağın hərəkəti aktivliyini onun imkanları daxilində maksimal dərəcəyə çatdırmaqdır. Körpənin beyni çox plastikdir və gərgin, davamlı reabilitasiya apardıqda hətta ağır formalı serebral iflici olan uşaqlar gözəl nəticələr göstərə bilər.

Yeniliklərə Abunə Ol!

Dərc olunmuş yeni məqalədən ilk sən xəbərdar ol.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

everything's where you left it.

TİBBİ XİDMƏTİ EVİNİZƏ ÇAĞIRIN!