012 310 07 88

MƏLUMAT VƏ QƏBUL

Skolioz

Skolioz – onurğa əyriliyi günümüzdə tez tez rastlaşdığımız dayaq-hərəkət sistemi xəstəliklərindən biridir. Uşaqlarda və gənclərdə daha çox görülməsinə baxmayaraq yaşlı insanlarda da osteoporoz və degenerasiya səbəbi ilə skolioz müşahidə edilir.

Normal onurğa sütununda fəqərələr öndən və arxadan baxılan zaman yuxarıdan aşağıya düz bir xətt üzərində uzanır. Yandan isə boyunda önə, döşdə arxaya və beldə önə, omada isə arxaya doğru normal əyriliyə malikdir.

Təsnifat

Skoliozun formaları 2 böyük qrupda cəmləşdirilir: struktur və qeyri-struktur. Struktur formadan fərqli olaraq, qeyri-struktur skoliozda onurğanın yana doğru əyriliyi fəqərələrin davamlı patoloji rotasiyası ilə müşayiət olunmur.

Yaranma səbəblərinə əsasən qeyri-struktur skoliozların aşağıdakı formaları ayırd edilir:

Qamət skoliozu – qamət pozğunluğu ilə əlaqədar formalaşır, önə əyildikdə və ya uzanıqlı vəziyyətdə rentgenoqrafiyada nəzərə çarpmır.

Reflektor skolioz – ağrı sindromu zamanı pasiyentin məcburu vəziyyət alması nəticəsində yaranır.

Kompensator skolioz – aşağı ətrafın qısalması ilə bağlı olur.

İsterik skolioz – psixogen mənşəli olur, nadir hallarda müşahidə edilir.

Əyilmə formasına görə «C» (1 qövs), «S» (2 qövs) və «Z» şəkilli (3 qövs) skoliozlar ayırd edilir. Sonuncu formaya nadir hallarda rast gəlinir.

Gediş xüsusiyyətinə görə proqressivləşən və proqressivləşməyən skoliozlar ayırd edilir.

Skolioz vaxtında müalicə olunmazsa fəqərəarası disklərin degenerativ distrofik dəyişikliklərinə, nəticədə döş qəfəsi və həzm traktı orqanlarının simpatik tənzimlənməsinin pozulmasına səbəb olur.

SKOLİOZUN ƏLAMƏTLƏRİ VƏ SİMPTOMLARI

Skoliozun simptomları əyriliyin dərəcəsindən asılı olaraq geniş hüdudlarda dəyişə bilər.

Yüngül əyriliklərdə simptomlar tamamilə kosmetik ola bilər:

  • Çanaq və çiyinlərin hündürlüyündə görünən fərq (asimmetriya)
  • Bədənin sağ və ya sol tərəfə əyilməsi
  • Kürək sümüklərinin hündürlük fərqinin olması
  • Bədən tarazlığının pozulması
  • Bud çanaq oynağının digərinə nisbətən yuxarıda olması
  • Döş qəfəsində asimmetriya
  • Aşağı ətraflardan birinin digərinə nisbətən uzun və ya qısa olması
  • Bel nahiyyəsində dəridə tüklənmə, ləkə və çuxur görünməsi

Daha ciddi əyriliklərdə:

  • Bel və kürəkdə ağrı
  • Ayaqlarda ağrı, uyuşma və zəiflik
  • Nəfəs almada çətinlik
  • Halsızlıq və tez yorulma

Yaş artdıqca skolioz müxtəlif ağırlaşmalara yol açmış olacaq:

  • Protruziya, fəqərəarası disk yırtıqları;
  • Aritmiyalar, ürək nahiyəsində ağrı;
  • Ağ ciyər problemləri (ağ ciyərin xroniki obstruktiv xəstəlikləri);
  • Süd vəzi ölçülərində fərq;
  • Mədə bağırsaq problemləri (disbakterioz, kolit, qəbizlik, bağırsaqlarda spazm və s.);
  • Diafraqma ilə əlaqəli problemlər (təngnəfəslik);
  • Çanaqda durğunluqla əlaqəli cinsi pozulmalar, ağrılı menstruasiyav;
  • Əzələ ağrıları, baş ağrıları, daimi yorğunluq kimi hallar yaranır və uzunmüddətli, müxtəlif çətin müalicə olunan xəstəliklərlə mübarizə aparılır.

SKOLİOZUN SƏBƏBLƏRİ VƏ NÖVLƏRİ

Skolioz araşdırma cəmiyyətinə (SRS – Scoliosis Research Society) görə, skoliozun təxminən 80 %-də hər hansı bir səbəb təyin edilə bilmir (idiopatik skolioz). Doğuş qüsurları, nevroloji anormallıqlar və genetik qüsurlar skoliozda müəyyənləşdirilən ümumi səbəblər kimi göstərilə bilər.

Skoliozun İdiopatik, degenerativ, anadangəlmə, sinir-əzələ xəstəlikləri, torakogen və sindromik kimi müxtəlif növləri vardır.

İdiopatik skolioz: Adətən uşaqlıq və yetkinlik dövründə görülən və səbəbi bilinməyən skolioz növüdür. İdiopatik skolioz, bütün skolioz hallarının 75-80% -ni təşkil edir. Bu tip skolioz erkən yaşlarda başlamağına baxmayaraq ağrı və digər gözlə görülən əlamətlər olmur. Lakin yaş artdıqca və böyümə davam etdikcə onurğa əyriliyi müxtəlif problemlər yarada, eyni zamanda xəstədə ağrı şikayətləri başlaya bilər. Idiopatik skolioz yaranma zamanına görə 3 qrupa bölünür: İnfantil, Yuvenil, Adolesan.

İnfantil skolioz: Yeni doğulan və 3 yaşa qədər uşaqlarda görülən skolioz növüdür. Uşaqlarda infantil skoliozu çox zaman bud çanaq displaziyası müşaiyət edir.

Yuvenile idiopatik skolioz: Bu tip skolioza 3-10 yaş arası uşaqlarda rast gəlinir. Bu skoliozda əyrilik artımı digərlərinə nisbətən daha çoxdur.

Adolesan skolioz: 10 -18 yaş arası görülən skoliozdur.

KONJENİTAL (ANADANGƏLMƏ) SKOLİOZ:

Anadangəlmə skolioz uşaq ana bətnində ikən yaranır və inkişaf edir. Bu tip skoliozun əmələ gəlməsində ana bətnindəki infeksiyalar, anada şəkərli diabet, ürək xəstəlikləri, hipertermiya, alkoqol istifadəsi, valproik turşu istifadəsi, vitamin və mineral çatışmazlıqları kimi fərqli səbəblər göstərilir. Eyni zamanda irsi xüsusiyyətləri olan bəzi xəstəliklərin anadangəlmə skoliozu müşaiyət etdiyi də görülməkdədir. Anadangəlmə skoliozda körpənin anormal onurğa ilə doğulmasına baxmayaraq ilkin mərhələdə əyrilik müşahidə olunmaya bilər. Əyrilik adətən davamlı böyümə ilə özünü göstərir.

SİNİR-ƏZƏLƏ SKOLİOZU:

Əzələ-sinir skoliozunda beyin, onurğa beyni və əzələ sisteminin problemləri nəticəsində əmələ gələn nizamsız bir onurğa əyriliyidir. Sinir və əzələlər onurğa və bədən tarazlığını (balansını) qoruya bilmir. Sinir-əzələ əyrilikləri tez-tez çanaq asimmetriyası ilə əlaqələndirilir, bu vəziyyətdə uşağın çanağının bir tərəfi digərindən daha yüksək olur. Belə xəstələrdə bədən inkişaf etdikcə yetkin yaşa doğru əyrilik artımı davam edir. Oturaq həyat keçirən və yeriyə bilməyən xəstələrdə isə skolioz daha ciddi vəziyyət alır. Sinir-Əzələ skoliozunun ən çox görüldüyü xəstəliklər:

  • Beyin İflici (CP)
  • Onurğa Əzələ Atrofiyası (SMA)
  • Angelman sindromu
  • Arnold-Chiari malformasiyası, sirenks və ya onurğa beyni travması

Degenerativ skolioz:

Degenerativ skoliozda fəqərələr arasındaki disklərin və oynaqların çökməsi onurğada asimmetriya əmələ gətirir və bəzi hallarda bu sürüşməyə səbəb olur. Belə fəqərə sürüşmələri bir səviyyədən daha alt səviyyəyə doğru irəlilədikcə onurğa əyriliyi inkişaf edə bilər. Bu tip skolioz onurğanın bel nahiyəsində daha çox görülür.

Torakogenik skolioz:

Döş nahiyyəsində hər hansı bir xəstəlik və ya cərrahi əməliyyat nəticəsində yaranan onurğa əyriliyidir. Anadangəlmə ürək qüsurunu aradan qaldırmaq üçün aparılan cərrahi əməliyyatlar və eyni zamanda Limfoma kimi xərçəng xəstəliklərinin də zamanla böyüməsi onurğa sütununda asimmetriya yarada bilir.

Sindromik skolioz:

Sindrom bir neçə kliniki xüsusiyyətin birləşməsidir. Bu tip skolioz hər hansı bir sindrom xəstəliyinin bir hissəsi kimi ortaya çıxır və inkişaf edir:

  • Əzələ distrofiyası
  • Poliomyelit
  • Artrogripoz, Spina Bifida, Marfan sindromu və Ehlers-Danlos Sindromu
  • Neurofibromatoz
  • Klippel-Feil vs

SKOLİOZ MÜAYİNƏSİ

Rentgen müayinəsi

Kliniki müayinə zamanı skolioz əlamətləri aşkarlanarsa, həkimin göstərişi ilə rentgen müayinəsi aparılır. Onurğa əyriliyi dərəcəsinin müəyyən edilməsi üçün həm arxadan həm də yandan olmaqla görüntü alınır. Görüntü xəstə ayaqüstə ikən çəkilməli, baş və çanaq mütləq görülməlidir.

Rentgenoqrammalara əsasən skoliozun deformasiyaları dərəcələrlə ifadə edilir.

Buna əsasən skoliozun 4 dərəcəsi ayırd edilir:

  • 1-ci dərəcəli – 0-10°
  • 2-ci dərəcəli – 11-30°
  • 3-cü dərəcəli – 31-60°
  • 4-cü dərəcəli ->61°

KT muayinəsi

Əməliyyata hazırlanan xəstələr mütləq KT muayinədən keçirilməlidir. Bununla əməliyyatda vintlərin yerləşdirilməsi üçün lazım olan fəqərə ayaqçıqlarının (pedikul) olub olmadığı, olanların diametri ölçülməlidir.

MRT muayinəsi

Kliniki müayinə zamanı hər hansı nevroloji anormallıqlar və şiddətli ağrı müşahidə edilərsə bu zaman MRT müayinəsi məsləhət görülür. Onurğa beyni probləri olub olmadığı araşdırılmalıdır.

MÜALİCƏ METODLARI

Müşahidə

Skolioz dərəcəsi yüngül olan və yaranma mənşəyi bilinməyən idiopatik skoliozlu xəstələrdə tərcih edilən ilkin müalicə metodu müşahidədir. Xəstəyə 4-6 ay ərzində kontrol müayinəyə gəlmək məsləhət görülür. Bunula yanaşı idman hərəəkətləri, fizioterapiya, üzmək və s. məsləhət görülür. Orta dərəcəli skoliozlarda (10-15 yaş) individual korset, fizioterapiya və idman hərəkətləri məsləhət görülür.

Fizioterapiya

Skoliozun müalicəsində ən yayılmış və effektiv metod fizioterapiyadır. Müalicəvi idman və müxtəlif növ korsetlərin qamət düzlənməsində köməyi effektiv olsa da, müasir tibbin imkanları bununla məhdudlaşmır. Bu gün skoliozun müalicəsində fizioterapiyanın köməkçi metodlarının rolu əvəzolunmazdır. Onun köməkliyi ilə maddələr mübadiləsi və qan dövranının sürətlənməsi, toxumaların qanla təchizatının gücləndirilməsi, iltihabi proseslərin aradan qaldırılması və əzələ tonusunun artırılmasına (skolioz zamanı kürək əzələlərinin bir tərəfi daima gərgin və güclü,digər tərəf isə atrofiyaya uğradığından zəifləmiş) nail olmaq mümkündür. Fizioterapevtik müalicə və müalicəvi idman onurğa və əzələlərə düşən yükün doğru paylanmasına köməklik göstərir.

Skoliozda aşağıdakı fizioterapiya üsulları istifadə olunur: FED metodu, terapevtik müalicəvi masaj, elektroforez və fonoforez, Şarko duşu, onurğa sütunu traksiyası, maqnitoterapiya, lazer terapiyası, elektromiostimulyasiya, palçıq terapiyası, hidroterapiya, termoterapiya. Bəziləri universal şəkildə istifadə edilir, bəzilərində bir sıra əks göstərişlər var, buna görə də onların təyin edilməsi yalnız həkim tərəfindən seçilməlidir.

FED metodu

Bu skoliozun müalicəsində yeni metod olmasına rəğmən artıq pasientlərdə alınmış müsbət nəticəsinə görə öndə gedən metodlardan hesab edilir. FED metodu onurğanın 3D fiksasiya və tənzimlənən derotasiyaedici təzyiq göstərməsi vasitəsilə fəqərə sütununun deformasiyalarının müalicəsi üçün tətbiq olunur.

FED müalicə metodu tədricən fəqərənin deformasıyasını korreksiya edir.

Fəqərələrarası diskin fibroz halqasının patoloji liflərini reorientasiya edir.

Fəqərəarası və qabırğaarası mobilliyi (hərəkət həzmini) artırır.

“Concave” tərəfdə (onurğanın qabarmış hissəsinin əks tərəfi) fəqərəarası bərkidici strukturların deformasıyalarını stabilləşdirir (kapsula, bağlar və əzələlər)

“Concave” tərəfdə onurğanın düz, ortostatik vəziyyətini saxlamaq üçün proprioseptiv sistemini stimullaşdırır.

Müalicəvi massaj

Massaj vasitəsilə – kürək əzələlərinin tonusunu tənzimləmək, qan dövranını yaxşılaşdırmaq, ağrıları və yorğunluq hissini azaltmağa nail olmaq olur. Müalicəvi massaj proseduru kürək, boyun, büzdüm, bel və qarın əzələlərinə tətbiq olunur. Çalışmaq lazımdır ki, massaj xəstədə ağrı, diskomfort və ya narahatlığa səbəb olmasın.

Duş Şarko

Güclü su təzyiqi nəticəsində vücuda massaj effekti verir, bu təzyiqi onurğanın əyilmə olan tərəfə yönləndirsək, deformasiyanin getdikcə azaltmağa müvəffəq ola bilərik. Bu reabilitasion metod xüsusi kontrol altında aparılmalıdır, çünki güclü su təzyiqi pasientlərdə ağrı sindromuna səbəb ola bilər.

Elektromiostimulyasiya

Elektromiostimulyasiya spinal sinirlərin pozulması nəticəsində tez-tez xəstələrdə əmələ gələn əzələ spazmlarını aradan qaldırmaq üçün istifadə edilən yararlı metodlardan biridir. Müəyyən elektrik impulslarının köməyi ilə hipertonus vəziyyətində olan sinir kökünün lokal sıxışması nəticəsində yaranan ağrı sindromunu aradan qaldırmaq mümkündür. Elektromiostimulyasiya proseduruna göstəriş yalnız skoliozlu xəstələr deyil, həm də osteoxondroz, spondilyoz, hətta fəqərələrarası disk yırtıqları da ola bilər.

Elektroforez

Bu fizioterapevtik metod qalvanik cərəyanın təsiri ilə iltihab və ağrı əleyhinə dərman vasitələrinin dəri vasitəsi ilə nüfuzunu sürətləndirir. Metodun effektivliyi müəyyən müalicəvi dərman maddələrin elektrik cərəyanının təsirində ionlaşmasına və 3 həftə müddətinə dərinin dərin təbəqələrinə daxil olma qabiliyyətidir. Bu metod vasitəsilə yerli olaraq yeridilmiş dərman preparatları orqanizmə toksik təsir göstərmir və hətta eyni zamanda bədənin müxtəlif hissələrinə müxtəlif dərmanlar yeridilməsi mümkün olur.

Fonoforez

Yerli ultrasəs təsir vasitəsilə skolioz nəticəsində deformasiyaya məruz qalmış nahiyyədə qan dövranı sürətlənir və yumşaq toxumalarda iltihab sindromunun aradan qalxmasına səbəb olur. Ultrasəsin köməyi ilə dəri vasitəsilə dərman preparatlarının yeridilməsi və bu səbəbdən də onurğa boyunca ağrının azaldılaraq tez bir zamanda aradan qaldırmağa nail olmaq mümkündür. Bu metod miorelaksant və ya ağrı kəsici preparatlardan istifadə ilə müqayisədə daha az əks təsirlər ilə xarakterizə olunur.

Termoterapiya

Termoterapiya və ya istilik terapiya – təbii və süni istilik mənbələrini özündə cəmləşdirən fizioterapevtik müalicə üsuludur. İstilik tətbiqinin xarakterindən asılı olaraq nəml istilik (yerli su hamam, duş, isti kompres, palçıq, torf, gil və s.) və quru istilik (istilik yastıqcıqlar, qum, parafin, ozokerit və ya Montan mum, quru hava və elektro hamam) növləri vardır. Termoterapiya prosedurları qan və limfa dövranının, maddələr mübadələsi və metabolik proseslərin sürətləndirilməsi, bioloji aktiv maddələrin formalaşdırılması və regenerasiya prosesinin intensivləşdirilməsi, toxumalardan məhsulların reabsorbsiyası prosesini yaxşılaşdırmağa yönəldir. Bütün bunlar da öz növbəsində iltihabəleyhinə, ağrıkəsici və antiseptik effektlərə malikdir

Palçıq müalicəsi

Skoliozlu uşaqlar və yeniyetmələr üçün palçıq müalicəsi və ya piloidoterapiya müalicə metodunun istifadəsi sinir-əzələ oyanıqlılığı və enerji təminatının normallaşdırılmasına, əzələlərdə qan dövranının artmasına, dayaq hərəkət sisteminin təkmilləşdirilmiş funksional imkanlarına kömək edir. Palçıq vannaları müalicəsi kursundan sonra (ən azı 10 prosedur) qamət pozğunluqlarının aradan qalxması, asimmetriyanın azalması, kürək əzələlərin güc və dayanıqlığının artırmasına nail olmaq olur.

Maqnit terapiya

Maqnit terapiya təbii müalicə metodu hesab edilir, belə ki hər bir insan gündəlik olaraq planetimizin maqnit sahəsinin təsirinə məruz qalır. Bu metodun heç bir yan təsirləri yoxdur. Maqnit sahəsi qan dövranına müsbət təsir göstərir, zədələnmiş hüceyrələrin bərpasını sürətləndirir.

Laser terapiya

Bu üsul fizioterapiya elmində daha yeni olmasına rəğmən artıq böyük bir populyarlıq qazanıb. Laser şüasnın onurğaya təsiri ilə ağrıkəsici və iltibahəleyhinə effektə tez bir zamanda müvəffəq olmaq olar. Lazer terapiyası həmçinin zədəyə məruz qalmış onurğa sütununda yaranmış ödemin aradan qaldırılmasına və metabolizmə kömək edir. Bu xüsusiyyətlər həmçinin bel ağrısı ilə bir çox xəstəliklərin müalicəsində lazer terapiyasının istifadəsinə imkan verir: osteoxondroz, skolioz, artroz, intervertebral yırtıq.

Korset

Əyrilik bucağı 20-40 dərəcə olan yeni yetmə dövründə olan xəstələrə tətbiq edilən müalicə metodudur. Nizamlı olaraq gün ərzində 16-20 saat korset taxılması gələcəkdə əməliyyat riskini azaldır. Anadangəlmə skoliozlarda korset məsləhət görülmür. Çünki bu skoliozlar, sərt, elastik olmayan əyriliklərdir. Bunlarda korset istifadəsi cilt yaralanmalarına, döş qəfəsi deformasiyalarına, ağciyər funksiyasınn pozulmasına səbəb ola bilər.

CƏRRAHİ ÜSULLA MÜALİCƏ

Proqressiya ehtimalı yüksək olan və təqib dövründə əyriliyin artdığı, korset müalicəsinin müvəffəq olmadığı hallarda cərrahi müalicə ən geniş yayılmış müalicə üsuludur.

Anadangəlmə və sindromik ağır skoliozlarda mütləq cərrahi müalicə aparılmalıdır. Anadangəlmə skolyozun erkən diaqnozu baxımından son dərəcə diqqətli olmalıdırlar. Ailələr körpənin boynunda, belində hər hansı bir fərqlilik olduğunu görən kimi həkimə müraciət etməlidirlər. Erkən dövrdə əməliyyat edilən anadangəlmə skoliozun nəticəsi çox daha yaxşı olur.

Cərrahi müalicədə ən muasir metodlar istifadə edirik. Transpedikulyar vintləmə ilə skolioz hər 3 müstəvidə düzəldilir. Əməliyyat zamanı Neyromonitorizasiya istifadə edirik ki, bu da fəsadların qarşısını alır. Əməliyyatdan 1 ay sonra xəstələr normal həyat və iş fəaliyyətinə qayıdır. Əməliyyat sonrasında önə doğru əyilə bilir, yerə düşmüş əşyaları götürə bilirlər. Qadın pasiyentlər əməliyyatdan sonra hamilə qala və ana ola bilərlər. Bunda heç bir məhdudiyyət yoxdur.

Evdə Tibbi Xidmət Sifarişi